Bloq - Ziyil müalicəsi - Dr. Mehdi Mahmudi

Ziyil müalicəsi - Dr. Mehdi Mahmudi

Ziyil müalicəsi - Dr. Mehdi Mahmudi

ss

Bu məqalə Dermatoloq Doktor Mehdi Mahmudi tərəfindən yazılmışdır.

Ziyil müalicəsi ilə bağlı pasiyentlərdən ən çox eşitdiyim cümlələr bunlardır:
“Doktor, bunu yandırmaq lazımdır, yoxsa dərmanla keçər?”
“Doktor, internetdə yazırlar ki, sirkə ilə yandırsam düşər, düzdür?”
“Aptekdən turşu aldım, özüm sürtüm keçər?”
“İynə ilə deşib kökünü çıxarsam birdəfəlik gedər?”
“Evdə yandıran dərman var, onu vursam kifayətdir?”

Əvvəlcə bunu deyim: ziyil müalicəsi tək bir üsulla həll olunan problem deyil. Hər ziyil eyni deyil. Yeri, ölçüsü, növü, pasiyentin yaşı və immun vəziyyəti müalicə planını dəyişir. Ziyil müalicəsi hər kəs üçün eyni deyil. Kiçik və yeni ziyillər dərmanla keçə bilər, amma böyük və dərin ziyillər klinik müdaxilə tələb edir. Əsas məqsəd Ziyili aradan qaldırmaq, Yayılmanın qarşısını almaq, Çapıq riskini azaltmaq və təkrarlanmanı minimuma endirməkdir.
Ziyil təhlükəli olmaya bilər, amma düzgün qiymətləndirilməlidir. Türkə-çarə ilə müdaxilə çox vaxt işi çətinləşdirir.

Ziyil -HPV virusunun yaratdığı dəri törəməsidir. Amma virus hər kəsdə eyni davranmır. Bəzən aylarla yerində qalır, bəzən sürətlə çoxalır. Ona görə müalicə fərdi planlaşdırılmalıdır.

 

Ziyil müalicəsi necə olunur?

Klinik praktikada ilk etdiyim şey ziyilin növünü müəyyən etməkdir:

  • Adi ziyil (əldə, barmaqda)
  • Ayaqaltı ziyil
  • Yastı ziyil
  • Genital bölgədə ziyil

Müalicə prosedurunun aparılması isə aşağıdakılardan asılıdır:

  • Ziyilin ölçüsü
  • Sayı
  • Dərinliyi
  • Ağrılı olub-olmaması
  • Daha əvvəl müalicə edilib-edilməməsi

Pasiyentlər çox vaxt istəyir ki, ziyil tez sağalsın və “sabaha sağalsın”, "gələn həftə toyumdur", "nişanımdır" və.s. deyirlər. Amma mənim missiyam yalnız ziyili yox etmək deyil, yayılma riskini azaltmaqdır. Burda pasiyentdən də çox şey asılıdır. Pasiyent müalicəyə məsuliyyətli yanaşarsa və davamlılığı qoruyarsa, əlbəttə ki, effektini alacaqdır. Unutmayın, dermatoloqun təcili müalicələr üçün hər zaman bir planı vardır. Lakin müddəti pasiyent yox, dermatoloq həkim təyin edir.

 

Klinik ziyil müalicəsi üsulları

Ziyil müalicəsində ən effektiv nəticə klinik prosedurlarla əldə edilir.

Krioterapiya (Dondurma)

Ən çox istifadə etdiyim üsullardan biridir. Maye azotla ziyil dondurulur. Hüceyrələr təsirlənir və zamanla nəticə verməyə başlayır.
Üstünlükləri isə adətən təcili prosedurlar üçün daha xasdır.

  • Sürətli prosedur
  • Ambulator şəraitdə edilir
  • Kiçik ziyillərdə effektivdir

Mən pasiyentlərə belə izah edirəm: “Viruslu hüceyrəni dondurub sıradan çıxarırıq.”

Bəzən 2–3 seans tələb olunur. Seansın dəqiq sayı yalnız müayinədən sonra müəyyən oluna bilər.

hekim qebulu

Lazer ilə ziyil müalicəsi

Xüsusilə böyük və davamlı ziyillərdə lazer daha effektiv ola bilər.

Lazer:

  • Ziyil toxumasını buxarlaşdırır
  • Qan damarlarını bağlayır
  • Viruslu sahəni dəqiq hədəfləyir
  • Ayaqaltı və təkrarlayan ziyillərdə yaxşı nəticə verir.

 

Elektrokoaqulyasiya

Elektrokoaqulyasiya ziyil müalicəsində istifadə olunan destruktiv üsullardan biridir. Bu prosedur zamanı yüksək tezlikli elektrik cərəyanı vasitəsilə ziyil toxuması kontrollu şəkildə koagulyasiya edilir, yəni yandırılaraq zərərsizləşdirilir. Məqsəd virusa yoluxmuş hüceyrə qatını fiziki olaraq aradan qaldırmaqdır.

Praktikamda elektrokoaqulyasiyanı daha çox:

  • tək və iri ölçülü ziyillərdə
  • uzun müddətdir keçməyən hallarda
  • dərman müalicəsinə cavab verməyən törəmələrdə
  • qanaxmaya meyilli ziyillərdə
    istifadə edirəm.

Prosedur adətən lokal anesteziya altında aparılır və çox vaxt aparmır. Elektrik enerjisi ziyil toxumasını destruksiya edərkən eyni zamanda kiçik damarları da koaqulyasiya etdiyi üçün qanaxma minimal olur. Bu, xüsusilə barmaq və ya genital nahiyə kimi həssas sahələrdə üstünlük yaradır.

Elektrokoaqulyasiyadan sonra həmin sahədə nazik qabıq əmələ gəlir və bir neçə gün ərzində sağalma prosesi başlayır. Düzgün qulluq edildikdə sağalma adətən problemsiz gedir. Lakin dərin və böyük ziyillərdə nadir hallarda yüngül iz qalma ehtimalı mövcuddur. Buna görə prosedurun dərinliyi və sahəsi mütləq təcrübəli dermatoloq tərəfindən nəzarət edilməlidir.

Dərinizin qeydinə qalın. Hər səpki və ya ləkə
eyni deyil və vaxtında müayinə gələcək fəsadların qarşısını alır!
Dr. Mehdi Mahmudi

Ziyil yandırmaq nə qədər effektivdir?

“Ziyil yandırmaq” termini əslində krioterapiya və ya elektrokoaqulyasiyanı ifadə edir. Ev şəraitində edilən “yandırmalar” isə risklidir.

Klinik şəraitdə ziyil nəzarət altındadır və sağlam toxumalar qorunur. İnfeksiya riski azdır. Ev şəraitində turşularla və ya kimyəvi maddələrlə yandırmaq ciddi çapıq yarada bilər.

 

Ziyil dərmanları varmı?

Bəli, bəzi topikal preparatlar mövcuddur. Ən çox istifadə edilənlər:

Salisilik turşu tərkibli məhlullar

Keratolitik mazlar

Bəzi immunomodulyator kremlər

Bu preparatlar:

Ziyilin üst qatını tədricən soyur

Uzun müddətli istifadə tələb edir

Praktikamda dərman müalicəsini daha çox kiçik və yeni ziyillərdə istifadə edirəm. Böyük və dərin hallarda təkbaşına yetərli olmur.

 

Ayaqda ziyil müalicəsi

Ayaqaltı ziyil fərqli yanaşma tələb edir. Təzyiqə məruz qaldığı üçün içəriyə doğru böyüyür.

Ayaqda ziyil müalicəsində:

Krioterapiya

Lazer

Bəzən kombinə üsul

daha effektivdir.

Pasiyentlər çox vaxt bunu mazol ilə qarışdırır. Amma plantar ziyildə mərkəzdə qara nöqtələr görünə bilər.

 

Əldə və barmaqda ziyil müalicəsi

Əldə ziyillər mexaniki travmaya məruz qalır. Xüsusilə dırnaq kənarında olanlar yayılma meyli göstərir.

Bu hallarda:

Krioterapiya

Lokal preparatlar

Bəzən kombinə üsul

istifadə olunur.

Dırnaq altına yayılmış ziyillər daha çətin müalicə olunur.

 

Genital bölgədə ziyil müalicəsi

Genital ziyillər xüsusi diqqət tələb edir. Onlar cinsi yolla ötürülən HPV tipləri ilə əlaqəlidir.

Bu hallarda:

Lazer

Kimyəvi destruksiya

Bəzi hallarda xüsusi preparatlar

istifadə edilir.

Genital ziyil özbaşına müalicə edilməməlidir. Çünki bəzi HPV tipləri yüksək risk daşıya bilər.

 

Ev şəraitində ziyil müalicəsi mümkündürmü?

Bu sual tez-tez verilir. Bəzi hallarda:

Salisilik turşu

Aptek preparatları

istifadə edilə bilər.

Amma mən həmişə deyirəm: “Ev üsulu yalnız kiçik ziyillər üçündür.”

Sirkə, sarımsaq, yandırıcı maddələr istifadə etmək:

dəri yanıqları

infeksiya

çapıq

yarada bilər.

 

Ziyil təkrarlayırsa nə etməli?

HPV virusu dəri qatlarında qala bilər. Ona görə bəzən ziyil təkrarlayır.

Bu halda:

İmmunitet dəstəyi vacibdir

Daha dərin destruktiv metod seçilə bilər

Kombinə müalicə planlanır

Təcrübəmə görə təkrarlayan hallarda səbir və düzgün plan əsasdır.

 

Ziyil müalicəsi nə qədər davam edir?

Kiçik ziyillər:

1–2 seansda aradan qalxa bilər

Böyük və plantar ziyillər:

bir neçə həftə və ya ay tələb edə bilər

Dərman müalicəsi isə bəzən 6–8 həftə davam edir.

 

Nə vaxt dermatoloqa müraciət edilməlidir?

Ziyil sürətlə böyüyürsə

Qanama və ağrı varsa

Genital bölgədədirsə

Ev müalicəsinə cavab vermirsə

Çoxsaylı yayılıbsa

Bu hallarda gecikmək düzgün deyil.

 

 

 

Bizimlə Əlaqə

Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: