Bloq

Psoriaz: Növləri, Səbəbləri və Müalicəsi | Dermatoloq İzahı

Psoriaz: Növləri, Səbəbləri və Müalicəsi | Dermatoloq İzahı

Psoriaz (sədəf, pullu dəmrov) dərini, dırnaqları və oynaqları zədələyə bilən, yoluxucu olmayan xroniki iltihabi xəstəlikdir; çox vaxt dizlərdə, dirsəklərdə və baş dərisində gümüşü pulcuqlarla örtülü çəhrayı-qırmızı lövhələr şəklində görünür. DermNet-ə görə psoriaz əhalinin təxminən 2–4%-ində rast gəlinir və xəstələrin təxminən üçdə birinin ailəsində psoriaz olur.

Psoriazın qəti müalicəsi yoxdur, lakin düzgün müalicə ilə onu nəzarətdə saxlamaq və remissiya əldə etmək mümkündür: yüngül formalarda yerli kremlər, daha ağır hallarda fototerapiya və sistemik dərmanlar istifadə olunur. Oynaqlarda ağrı və şişkinlik psoriatik artritin əlaməti ola bilər və gecikdirmədən dermatoloqa müraciət tələb edir.

Psoriaz nədir?

Psoriaz (pullu dəmrov) – dəri, dırnaq və oynaqları zədələyən, yoluxucu olmayan, xroniki xəstəlikdir. Psoriatik elementlər gümüşü-ağ rəngli pulcuqlarla örtülü olan, çəhrayı rəngli epidermo-dermal papulalardır.

DermNet-ə görə əhalinin təxminən 2–4%-ində rast gəlinən bu xəstəlik kişi və qadınlarda eyni tezlikdə müşahidə edilir. Adətən gənc yaşda yaranır, residiv və remissiyalarla davam edir.

Ən çox baş dərisində, diz və dirsəklərdə, bununla yanaşı dırnaqlarda və bədənin digər hissələrində də psoriaz xəstəliyi ola bilər.

Psoriazın hansı növləri var?

  • Plak psoriaz: Ən çox rast gəlinən formadır. Çəhrayı-qırmızı rəngli lezyonlarla (elementlərlə) irəliləyir, üzərində pullanma (qabıqlanma) müşahidə olunur.
  • Quttat psoriaz: Adətən uşaqlarda baş verir, damcı şəklində bədəndə yayılmış elementlər nəzərə çarpır.
  • Eritrodermik psoriaz: Daha nadir rast gəlinən bu  formada qabıqlanma qabarıq deyil, bütün bədənin 80-90%-ni əhatə edən qızartı var. Bu, adətən xəstəxanaya yerləşdirilməklə müalicə olunan ciddi bir vəziyyətdir.
  • Pustular psoriaz: Sarı iltihabla dolu sancaq başı ölçülü vezikullar kimi görünür. Qızdırma halsızlığa səbəb ola bilər, adətən xəstəxanaya yerləşdirilməklə müalicə olunur.
  • Palmo-plantar (ovuc-ayaqaltı) psoriaz: Yalnız ovuc içi və ayaq altında psoriaz üçün xarakterik olan skuam (qabıqlanma) görünür.
  • Saçlı dəri psoriazı: Saçlı dəridə müşahidə edilir.
  • Dırnaq psoriazı: Dırnaqda çuxurlar, qalınlaşmalar, dırnaq yatağından ayrılmalar, rəng dəyişiklikləri görünə bilər.
  • Oynaq psoriazı (psoriatik artrit): Bu, psoriaz xəstəliyinin oynaq formasıdır. Oynaqlarda şişlik, ağrı və temperaturun artması ilə başlayır. Müalicə edilməzsə, daimi oynaq deformasiyalarına və əlilliyə səbəb ola bilər.

Psoriaz niyə yaranır?

Psoriazın dəqiq səbəbi hələ aydınlaşdırılmamışdır, ancaq immun sistem hüceyrələrinin anormal fəaliyyəti ilə əlaqədar olduğu düşünülür. Tam olaraq irsi xəstəlik deyil, lakin ümumilikdə xəstələrin 25-40%-nin ailəsində psoriaz xəstəliyi var.

Psoriaz yoluxucu deyil.

Psoriazı tətikləyən amillər nələrdir?

  • Travma (qaşınma, sürtmə, qıcıqlanma) 
  • Stress
  • Qeyri-sağlam qidalanma, siqaret 
  • Spirtli içkilər
  • Bəzi dərmanlar (İstifadə etdiyiniz dərmanlar barədə mütləq həkiminizə məlumat verin)

Psoriaz necə müalicə olunur?

TOPİKAL MÜALİCƏLƏR (yerli tətbiq edilən dərmanlar)

Şiddətli olmayan psoriazda ilk addım və ən vacib müalicə yerli tətbiq edilən müalicələrdir. Buna görə də kremlərinizi dermatoloqun tövsiyə etdiyi müddət və dozada istifadə edin. Bu gün psoriaz xəstəliyinin qəti müalicəsi olmasa da, onu idarə və remissiya əldə etmək mümkündür. Kremlərin təsirsiz olduğu və ya həblərin və inyeksiyaların daha təsirli olduğuna dair ictimai bəyanatlara inanmayın. Psoriazda müalicə sxemi xəstəliyinin şiddətindən və növündən asılı olaraq təyin edilir.

FOTOTERAPİYA (PUVA, UVB, İŞIQ TERAPİYASI)

Günəş işığının bəzi dalğa uzunluqlarından istifadə edərək tətbiq olunur. Adətən həftədə 2-3 dəfə tətbiq olunur. Bu işıq terapiyasını solaryumla qarışdırmaq olmaz. Burada işığın yalnız müəyyən bir hissəsi müəyyən dozalarda və həkim nəzarəti altında tətbiq edilir.

SİSTEMİK TERAPİYA

Orta və şiddətli psoriazda həblər dermatoloqun uyğun hesab etdiyi dozada və müddətdə istifadə edilə bilər. Yan təsirləri izləmək üçün bu müalicələr müəyyən aralıqlarla həkim nəzarəti altında aparılmalı, istənilən testlər edilməli və kəsilməməlidir. Psoriaza qarşı dərmanlarınızı həkim tövsiyəsinə uyğun istifadə edin!

Tövsiyələr

Piylənmə, yüksək qan təzyiqi, diabet və ürək xəstəlikləri psoriazlı xəstələrdə ümumi əhaliyə nisbətən daha çox müşahidə olunur. Bu səbəbdən psoriaz xəstələrinə həyat tərzinə çox diqqət yetirmələri tövsiyə olunur. Sağlam qidalanma və idman bu xəstəliklərin riskini minimuma endirəcək. Siqaret və spirtli içki istifadə etməyin.

Psoriazda bəzən oynaq tutulması ola bilər. Oynaqlarda ağrıların olması xəstəliyin ağırlaşdığını göstərir. Psoriaz mütləq ciddiyə alınmalı və erkən mərhələdə dermatoloqa müraciət edilməli olan bir xəstəlikdir.

Psoriazın müayinəsi və müalicə planı

Psoriazın növü və şiddəti müalicə seçimini müəyyən edir. Kremlər, fototerapiya və ya sistemik müalicə dermatoloqun nəzarəti ilə, tövsiyə olunan müddət və dozada aparılmalıdır.

Bakıda fəaliyyət göstərən dermatoloq Dr. Mehdi Mahmudi ilə dəri xəstəliklərinin müalicəsi haqqında məlumat əldə edə bilərsiniz.

Əlaqə saxlayın

Psoriaz haqqında tez-tez verilən suallar

Psoriaz yoluxucudurmu?

Xeyr. Psoriaz yoluxucu xəstəlik deyil; immun sistemin anormal fəaliyyəti ilə əlaqəli olduğu düşünülür.

Psoriaz tam sağalırmı?

Psoriazın qəti müalicəsi hələ yoxdur, lakin xəstəliyi idarə etmək və remissiya əldə etmək mümkündür. Müalicə sxemi xəstəliyin şiddətinə və növünə görə dermatoloq tərəfindən təyin edilir.

Psoriazı nə alovlandırır?

Dərinin travması (qaşınma, sürtünmə, qıcıqlanma), stress, qeyri-sağlam qidalanma, siqaret, spirtli içkilər və bəzi dərmanlar psoriazı alovlandıra bilər. İstifadə etdiyiniz dərmanlar barədə həkimə mütləq məlumat verin.

Psoriaz oynaqlara təsir edirmi?

Bəli, psoriazın oynaq forması (psoriatik artrit) şişlik, ağrı və istilik hissi ilə başlayır. Müalicə edilməzsə daimi oynaq deformasiyasına səbəb ola bilər, ona görə oynaq ağrısı olduqda erkən müraciət vacibdir.

Elmi mənbələr

  1. DermNet. Psoriasis.
  2. American Academy of Dermatology. Psoriasis: Overview.
  3. NHS. Psoriasis.
  4. World Health Organization. Global report on psoriasis.

Tibbi qeyd: Bu məqalə maarifləndirici məqsəd daşıyır və fərdi həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə planı dermatoloq müayinəsindən sonra fərdi olaraq müəyyən edilir.

Müəllif: Dr. Mehdi Mahmudi, dermatoloq-kosmetoloq

Ünvan: Nazim Hikmət 66, Yasamal, Bakı, Salutem Dermatoloji Klinika

Əlaqə: +994 50 519 42 19

AI köməkçiləri Süni intellektlə xülasə edin Məqalənin qısa xülasəsini seçdiyiniz AI köməkçisində açın.

AI cavabları məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.

Bu problemlə bağlı həkimə müraciət etmək istəyirsiniz?
Dəqiq diaqnoz və müalicə planı üçün müayinə lazımdır. WhatsApp-da yazın və ya zəng edin — sizə uyğun vaxt təyin olunur.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk siz yazın!

Şərh yaz

Şərhlər moderasiyadan keçdikdən sonra yayımlanır. Email gizli saxlanılır.