Keloid çapıq nədir və necə formalaşır?
ssKeloid çapıq: Patogenezi, klinik xüsusiyyətləri və müalicə prinsipləri
Məqalə Dermatoloq Mehdi Mahmudi tərəfindən yazılmışdır.
Keloid çapıq dermatologiyada xüsusi yer tutan, standart çapıqlardan fərqli patoloji proseslə formalaşan bir vəziyyətdir. Bu tip çapıqlar yalnız estetik problem deyil, eyni zamanda xroniki iltihabi və fibroproliferativ proses kimi qiymətləndirilir. Keloidlərin müalicəsi klassik çapıq müalicəsi yanaşmalarından fərqlənir və xüsusi tibbi strategiya tələb edir. Dermatoloq həkim məsləhəti və daha ətraflı məlumqt üçün çapıq müalicəsi mövzusuna da baxa bilərsən.
Keloid çapıq nədir və necə formalaşır?
Keloid çapıq dərinin zədələnməsindən sonra yaranan və normal yara sağalma mexanizmini aşan patoloji çapıq növüdür. Normal şəraitdə yara sağaldıqdan sonra kollagen sintezi tədricən azalır və toxuma stabilləşir. Keloid çapıqda isə bu mexanizm pozulur və kollagen istehsalı nəzarətsiz şəkildə davam edir.
Bu proses nəticəsində:
- qalın, sərt və elastik olmayan toxuma yaranır
- çapıq zədənin sərhədlərindən kənara çıxır
- zamanla kiçilmək əvəzinə böyümə meyli göstərir
Patogenez baxımından keloid çapıq:
- fibroblastların hiperaktivliyi
- TGF-β (Transforming Growth Factor beta) səviyyəsinin artması
- kollagen tip III və I sintezinin balanssızlığı
ilə əlaqələndirilir.
Bu səbəbdən keloid çapıq sadə çapıq deyil, xroniki patoloji sağalma cavabı kimi qəbul edilir. Bu xüsusiyyət onu ümumi çapıq müalicəsi yanaşmalarından ayırır.
Keloid çapıq üçün risk faktorları və klinik xüsusiyyətlər
Keloid çapıq hər insanda eyni ehtimalla yaranmır. Elmi tədqiqatlar müəyyən risk faktorlarının ön planda olduğunu göstərir. Klinik praktikada aşağıdakı hallar keloid yaranma riskini artırır:
- genetik meyllilik və ailə anamnezi
- tünd dəri fototipləri
- gənc yaş dövrü (xüsusilə 10–30 yaş)
- sinə, çiyin, qulaq və boyun nahiyəsində dəri travmaları
Klinik olaraq keloid çapıq:
- dəridən qabarmış
- parlaq və bəzən qızılımtıl-qırmızı rəngdə
- toxunduqda sərt
- qaşınma, ağrı və dartılma hissi ilə müşayiət olunan
bir törəmə kimi müşahidə olunur.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, keloid çapıq:
- öz-özünə geriləməz
- ev müalicəsinə cavab verməz
- mexaniki və kimyəvi qıcıqlara həssasdır
Bu xüsusiyyətlər düzgün və gecikdirilməmiş çapıq müalicəsi planlamasını zəruri edir.
Keloid çapıqların müalicəsi
Keloid çapıq müalicəsi mərhələli və kombinə olunmuş yanaşma tələb edir. Tək bir metodla stabil və uzunmüddətli nəticə əldə etmək nadir hallarda mümkündür. Müasir dermatoloji praktikada əsas müalicə üsulları bunlardır:
Tibbi müalicə üsulları:
- İntralezyonal kortikosteroid inyeksiyaları
Fibroblast aktivliyini azaldır, çapığın həcmini kiçildir və simptomları yüngülləşdirir. - Lazer terapiyası
Çapığın rəngini açır, damar komponentini azaldır və toxuma strukturunu yaxşılaşdırır. - Krioterapiya
Xüsusilə kiçik keloidlərdə patoloji toxumanın destruksiyasına kömək edir. - Silikon əsaslı məhsullar və təzyiq terapiyası
Erkən mərhələdə keloidin böyüməsinin qarşısını almaqda dəstəkləyici rol oynayır.
Elmi mənbələr göstərir ki, keloid çapıqda ən effektiv nəticə kombinə olunmuş çapıq müalicəsi strategiyası ilə əldə olunur. Bu yanaşma həm residiv riskini azaldır, həm də estetik nəticələri yaxşılaşdırır.
Kortikosteroid inyeksiyaları
Keloid müalicəsində ən çox istifadə olunan üsullardan biridir. İnyeksiya:
- keloidin həcmini azaldır
- qaşınmanı zəiflədir
- toxumanı yumşaldır
Bir neçə seans tələb oluna bilər.
Lazer ilə müalicə
Lazer müalicəsi keloidin rəngini açmağa və qalınlığını azaltmağa kömək edir. Təkbaşına deyil, digər üsullarla birlikdə tətbiq olunduqda daha effektivdir.
Krioterapiya (dondurma)
Maye azotla aparılan krioterapiya keloid toxumasını zədələyərək ölçüsünü kiçildir. Kiçik keloidlərdə daha uyğun hesab olunur.
Silikon əsaslı gellər və terapiya
Bu üsullar xüsusilə yeni yaranmış keloidlərin böyüməsinin qarşısını almaqda köməkçi rol oynayır. Lakin təkbaşına kifayət etmir.
Həkim məsləhəti - BUNLARI ETMƏ!
Dermatoloq Mehdi Mahmudi yazır:
Keloid çapıq müalicəsində ən çox edilən səhvlərdən biri onu sadə kosmetik problem kimi qiymətləndirməkdir. Müalicənin üstünə düşməmək, həkim məsləhəti olmadan istifadə olunan kremlər və türkə-çarə müdaxilələr:
- keloidin böyüməsini sürətləndirir
- piqmentasiya və iltihabı artırır
- müalicəni daha çətin hala gətirə bilər - yəni artıq bir nöqtədən sonra dermatoloqun təyin etdiyi müalicənin effekti az ola bilər Bu səbəbdən keloid çapıq problemi olan xəstə dərhal həkim qəbuluna yazılmalıdır.
Xüsusilə təkbaşına cərrahi müdaxilə...
- yüksək residiv riski daşıyır
- əksər hallarda daha böyük keloid ilə nəticələnir
Bu səbəbdən keloid çapıqda müalicə bitdikdən sonra da:
- uzunmüddətli dermatoloji izləmə,
- dərini qorumaq,
- erkən residiv nəzarəti vacib hesab olunur.
Bizimlə Əlaqə
Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: