Bloq - Xal qoparmaq nəyə görə zərərlidir?

Xal qoparmaq nəyə görə zərərlidir?

Xal qoparmaq nəyə görə zərərlidir?

ss

Mən dermatoloq olaraq bunu çox açıq deyirəm: xal qoparmaq adi bir sızanaq qoparmaq deyil. Hərçənd ki, o da olmaz. Praktikada bunun nəticələrini tez-tez görürəm.

Xal – tibbi adı ilə nevus – dəridə melanosit hüceyrələrinin toplanmasıdır. Yəni bu sadəcə “ləkə” deyil. Bu, hüceyrə strukturu olan törəmədir. Ona görə də ona edilən hər müdaxilə nəzarətli olmalıdır.

Ən böyük problem odur ki, insanlar xalı evdə qoparmağa çalışır. Dırnaqla, ülgüclə, bəzən hətta ip bağlayaraq. Bu, tibbi baxımdan tamamilə yanlış yanaşmadır. Çünki siz nəyi qopardığınızı bilmirsiniz.

Birinci risk – qanaxmadır. Xalların içində damarlar olur. Qoparıldıqda nəzarətsiz qanaxma baş verə bilər. Bu, xüsusilə böyük xallarda daha təhlükəlidir.

İkinci risk – infeksiyadır. Dəridə açıq yara yaranır. Əgər düzgün qulluq edilməzsə, bakteriyalar daxil olur. Nəticədə iltihab başlayır. Bu isə sağalma müddətini uzadır və vəziyyəti ağırlaşdırır.

Üçüncü və ən vacib risk – diaqnozun itirilməsidir. Hər xal eyni deyil. Bəziləri sadədir, bəziləri isə risk daşıya bilər. Əgər siz xalı qoparsanız, onun histoloji qiymətləndirilməsi mümkün olmur. Yəni biz onun təhlükəli olub-olmadığını öyrənə bilmirik.

Praktikamda elə hallar olub ki, pasiyent xalı qoparıb, sonra həmin sahədə dəyişikliklər başlayıb. Amma artıq gec olub. Ona görə də hər xal əvvəlcə qiymətləndirilməlidir.

Digər bir risk – çapıqdır. Ev şəraitində qoparılan xallar çox vaxt iz buraxır. Bu izlər bəzən xaldan daha pis görünür. Xüsusilə üz nahiyəsində bu problem daha ciddi olur.

Bəzi insanlar düşünür ki, “xalı qoparsam, birdəfəlik gedər”. Buna inanırsınızsa, şəxsi yanaşmamı deyim. İNANMAYIN! Bu doğru deyil. Əksinə, bəzi hallarda xalın qalıqları dəridə qalır və yenidən böyüyə bilər. Bu da daha problemli vəziyyət yaradır.

Xalın zədələnməsi bəzən hüceyrə dəyişikliklərini stimullaşdıra bilər. Bu hər zaman olmur, amma risk mövcuddur. Ona görə də biz dermatoloqlar hər zaman travmadan uzaq durmağı tövsiyə edirik.

Ən düzgün yanaşma nədir?
Dermatoskopiya etmək. Lazım olduqda tibbi şəraitdə çıxarmaq. Bu zaman həm təhlükəsizlik təmin olunur, həm də material analizə göndərilir.

Mən pasiyentlərə həmişə deyirəm:
“Xalı siz yox, həkim çıxarmalıdır.”

Bu, sadə bir prinsipdir, amma çox şeyi dəyişir.

Biz bəzən belə şeyləri ciddiyə almırıq. Amma sağlamlıq detallarda gizlidir. Kiçik bir səhv böyük problemə çevrilə bilər.

Əgər sizdə xal dəyişirsə, böyüyürsə, qaşınırsa və ya qanayırsa – bu artıq siqnaldır. Gözləmək olmaz.

Unutmayın.
Xalı qoparmaq asandır.
Amma nəticəsini düzəltmək həmişə asan olmur.

Bizimlə Əlaqə

Suallarınız və ya rəyləriniz varsa, bizimlə əlaqə saxlayın: